“Göyçay-Süd” ASC-i 1998 ci ildə mövcud Göyçay Süd Zavodunun bazasında Milk Pro MMC şirkəti ilə müştərək olaraq təsis edilmişdir. Özəlləşdirilən zaman müəssisə demək olarki işləmirdi və müəssisədə cəmi 8 işçi çalışırdı. Bunun əsas səbəbi mövcud texnoloji avadanlıqların olduqca köhnə olması və müasir tələblərə cavab verən, rəqabətədavamlı məhsullar istehsal etməyin mümkünsüz olması idi. Belə bir vəziyyətdə səhmdarlar ilk növbədə müəssisəni yeni texnoloji avdanlıqlarla təchiz etmək istiqamətində iş aparmağa başlayaraq, “Azərbaycanda süd məhsulları və meyvə şirələrinin istehsalı” layihəsini ərsəyə gətirdilər. Layihənin icrası nəticəsində istehsal binası, ofis binası və infrastruktur əsaslı şəkildə yenidən qurulmuş, 2000-ci ilin noyabr ayında isə İsveçin “Tetra Laval Kredit AB” şirkəti ilə avadanlıqların alınması üçün iki lizing müqaviləsi bağlanaraq 3 milyon ABŞ dolları dəyərində olan avadanlıq müəssisəyə gətirilib quraşdırıldı və 2002 ci ilin iyun ayından Azərbaycanda ilk dəfə olaraq “Tetra Brik Aseptic” paketlərində müxtəlif yağlılıqda təbii inək südü və südlü meyvə kokteylləri, həmin ilin oktyabr ayından isə meyvə şirələrinin kütləvi istehsalına başlanıldı. 2002 ci ildə həmçinin “Bəyaz pendir” istehsal sahəsi istismara verildi.
Bu işlərlə paralel olaraq buraxılacaq məhsulun keyfiyyətinə nəzarət üçün əhəmiyyətli faktor olan müasir lobaratoriya yaradıldı. Lobaratoriya Azərbaycan Respublikasının Standandartlaşdırma, Metrologiya, və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuşdur.
Bununla da “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti layihə üzrə minimum ilkin vəzifələri yekunlaşdıraraq tam işlək vəziyyətə gətirildi
Müəssisənin əsas fəaliyyəti süd məhsulları və meyvə şirələrinin istehsalından ibarətdilər.Müəssisənin əsas xammalı təbii inək südü və Respublikamızda bitən meyvələrdir.İstehsal olunan süd məhsulları Respublikamızda, meyvə şirələri isə əsasən xarici ölkələrə ixrac olunur.Bu günə kimi istehsal etdiyimiz meyvə şirələri Rusiya, Ukraina, Estoniya, Moldova, Belarus, Yeni Zellandiya və İsrail kimi ölkələrə göndərilmişdir.
Müəssisədə hər birinin istehsal gücü saatda 6 ton süd və ya meyvə şirəsi qablaşdıran iki ədəd Tetra Pak axın xətti və saatda 4 ton meyvə şirəsini şüşə qablara qablaşdıran tam avtomatlaşdırılmış axın xətti, sutkada 3 ton pendir istehsal edən Türkiyənin Alfa-Tek və Ortinox şirkətləri tərəfindən qurulan sex və ümumi tutumu 200 ton olan iki ədəd soyuducu kamera, bundan əlavə xarici müştərilərimizin tələbatlarını qarşılamaq üçün, ən müasir avadanlıqlarla təchiz edilmiş İtaliyanın Padovan TMCİ şirkəti tərəfindən tikilmiş meyvə suyu konsentratı istehsal edən istehsal sahəsi mövcuddur.